İnkişafa aparan yol
1 əsrə yaxın yaşı olan Zərdabi icması rayon mərkəzi Qubadan 12 km-lik məsafədə Quba –Xaçmaz magistral yolunun üzərində yerləşir.
1 əsrə yaxın yaşı olan Zərdabi icması rayon mərkəzi Qubadan 12 km-lik məsafədə Quba –Xaçmaz magistral yolunun üzərində yerləşir. Əhalisi 3449 nəfər təşkil edən icmanın etnik təkibi çox zəngindir. Belə ki, burada azərbaycanlılardan əlavə, ləzgi, tat, buduq, qrız və s. kimi kiçik etnik qruplar məskən salmışdır. Əhalinin əsas məşğuliyyətini bağçılıq, qismən isə tərəvəzçilik və heyvandarlıq təşkil edir.
İcma ABŞ BİA-nın İcma İnkişafı Fəaliyyəti layihəsinə 2005-ci ilin noyabr ayından cəlb edilmişdir. Ötən aylar ərzində icma inkişafı istiqamətində icma üzvləri və seçilmiş İcma İnkişaf Şurası müxtəlif mövzuda təlim və həftəlik görüşlər vasitəsilə təşkilati bacarıqlar əldə etmiş, ilk sürətli nümayiş layihəsi kimi “Yolun təmiri” layihəsini seçmiş və artıq uğurla həyata keçirməyə müvəffəq olmuşlar.
May ayının 9-da ABŞ BİA-nın Ölkə Direktoru, CHF təşkilatının Proqram Direktoru və ABŞ Müharibə Kollecinin nümayəndə heyəti ərazidə aparılan yol təmiri layihəsinin gedişatını izləmək məqsədilə Zərdabi icmasına səfər etmişlər. Səfər zamanı hamı heyranedici bir təəssürat əldə etdi:Təmir işləri gedən yol zolağı boyu icma üzvləri iki bir- üç bir yol kənarlarında işləyirdilər.
Maşın bağ sahələrinin yerləşdiyi və əsas təmir obyekti olan yol hissəsinə döndükdə qarşıda izdihamla rastlaşdı. Ağır texnikalar aramsız olaraq yola çınqıl tökür, yayır, icma üzvləri böyük əzm və ruh yüksəkliyi ilə əl əməyinin gərəkdiyi yerlərdə iri çay daşlarını atır və hamarlama işləri aparırdılar. Ağsaqqallar kənardan məsləhətlər verir, qadınlardan kimisi ümumi işə nəzarət edir, kimisi isə işləyən adamları çayla təmin edirdi. Kiçikyaşlı uşaqlar dəstədən geri qalmamaq üçün gücləri çatan daşları yol kənarına toplayırdılar. Bir sözlə, qızğın işin getdiyi çox ürəkaçıcı bir mənzərə ilə qarşılaşmışdıq. Qonaqların gəlişi üz-gözlərindən fərəh və məmnunluq hissi yağan icma üzvlərinin sevincini daha da artırdı. Bəs necə? İcmanın tarixində ilk dəfə idi ki, bu cür kütləviliklə müşayiət olunan layihə həyata keçirilir və mötəbər qonaqlar qarşılanırdı.
İcma əlaqələndiricisi Əliyev Əmirsultan: "Mən bir az əvvələ qayıtmaq istəyirəm. Çox yox, bir neçə ay bundan əvvəl bu günümüzü mənə təsvir etsə idilər, mən sadəcə buna bir xəyal kimi baxıb başımı bulayardım. Yaşımdan bəri kənddə belə canlanmaya rast gəlməmişəm.
Kəndimiz uzun illər boyu sosial-iqtisadi problemlər yaşamışdır. Bu proses indi də davam edir. Amma bu problemlərin öhdəsindən gəlmək üçün nə yerli bələdiyyə, nə də sakinlər köklü bir dəyişikliyə nail ola bilməmişlər. İnsanlar bu dəyişikliyin kənardan baş verəcəyi ümidində ikən artıq bu dəstəyə nail olduq. Ötən ilin son aylarından ABŞ BİA İcma İnkişafı Fəaliyyəti layihəsinin icmamızda işə başlaması ilə icmamızın həyatında yeni bir səhifə açıldı. İcmanı layiqincə təmsil edən İcma İnkişaf Şurası CHF və Ümid HSDM təşkilatlarının dəstəyi ilə müxtəlif mövzulu təlim və görüşlər vasitəsilə inkişaf yönümündə bacarıqlar əldə etmiş oldular. İcmanın yekdil rəyinə əsasən seçdiyimiz layihə üzrə bərbad vəziyyətdə olan 3 km-lik bağ yolu artıq icmamızın və bələdiyyəmizin də maddi və mənəvi dəstəyi ilə donor tərəfindən təmir edildi. Bu insanlara öz məhsullarını bazara itkisiz çıxarmağa və ailə büdcələrinə gələn gəlirin artırılmasına zəmin yaratmış olacaqdır. Siz inanmazsınız ki, bu bizə nə qədər ruh yüksəkliyi verdi! Artıq biz olanlardan ruhlanaraq donora II layihəmizi təqdim etməyə hazırlaşırıq. Biz inanırıq ki, Zərdabi icması bu layihələrdən layiqincə bəhrə götürəcək və öz inkişaf yolunun yeni mərhələsində icma və bələdiyyənin dəstəyinə arxalanaraq uğurla irəliləyəcəkdir! Bizim oyanışımıza dəstək olan donorlara isə dərin təşəkkürdən başqa söz tapa bilmirəm.Gördüyünüz xeyirxah işlərdə yolunuz həmişə açıq olsun!!!"
Zərdabi Bələdiyyəsinin sədri Əhmədov Mehman: "Mən məsələyə digər tərəfdən yanaşmaq istərdim. Bələdiyyə sədri olsam da sıravi kənd sakini kimi icmada son vaxtlar gedən proseslərə və dəyişikliklərə biganə qala bilmərəm. Bu dəyişikliyi görməmək sadəcə mümkün deyil. İnsanların psixologiyasında kök salmış laqeydlik, etinasızlıq hissləri sanki son aylarda buz kimi yavaş-yavaş əriməyə başlayıb. İcmada gedən icma inkişafı prosesi insanlarda özünəinam və etibar hissinin yenidən baş qaldırmasına səbəb olub. İctimai işlərdə və icmanın ümumi mənafeyinə xidmət edən məsələlərdə, xüsusilə, qadınlarımızda və gənclərimizdə bir fəallıq müşahidə olunur. Son günlərdə təmirlə bağlı gedən işlərdə bu özünü daha bariz surətdə göstərdi. Qadınlarımız hər gün kişilərlə çiyin-çiyinə təmir sahəsində işin gedişatına nəzarət edir, işçilərin məişətlə bağlı qayğılarının aradan qaldırılmasına səy göstəririrdilər. Mən sayıram ki, tək bu faktorun özü bizə hər şeyi deyir".
Digər tərəfdən, bir bələdiyyə sədri kimi mənim üçün sevindirici haldır ki, artıq camaatımız hər şeyi bələdiyyə və digər təşkilatlardan gözləmir. Şüurlardakı oyanış insanların öz problemlərinin həllində ilk növbədə özlərinin maraq və hərəkətdə olmasını tələb edir. Yaradılmış İcma İnkişaf Şurası bələdiyyə ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Məncə, qüvvələrimizin səfərbər olunması icmanın sosial və iqtisadi yönümdə inkişafına öz uğurlu töhfəsin vermiş olacaqdır."



