Etimad və səmimiyyət bütün müvəffəqiyyətlərin açarıdır
Paytaxtın qaynar həyatından aralı, sakit bir yer. Bakının Xətai rayonununda olan Zığ şossesinin ətraf ərazisi......................
Paytaxtın qaynar həyatından aralı, sakit bir yer. Bakının Xətai rayonununda olan Zığ şossesinin ətraf ərazisi. Coğrafi mövqeyinə görə bir tərəfdən vaxtilə “Qara Şəhər”adlandırılan massivin əsas prospektlərindən biri – Fəhlə Prospekti boyunca uzanan sənaye obyektlərindən sonra gəlməsi, digər tərəfdən Azərbaycanın əsas ehtiyat mənbəyi olan nəhəng Xəzərin sahilində yerləşməsi insanda həm bu əraziyə, həm də orada yaşayan əhalinin həyat tərzinə qarşı maraq oyadır. Məhz bu maraq Ümid HSDM-yə 2004-cü ilin fevralında BP-nin işlədiyi ərazilərdə əhalinin sosial və iqtisadi şəraitinin yaxşılaşdırılması məqsədilə “Zığ İcma İnkişafı Təşəbbüsü” Layihəsinə başlamağa stimul verdi.
Əsas məqsədi məhz icma inkişafına nail olmaq olan layihənin xüsusi diqqət yönəltdiyi məsələ layihənin fəaliyyət ərazisində səfərbər olunmuş, problemlərin, çətinliklərin öhdəsindən birgə gəlməyə qadir icmaları formalaşdırmaqdır. Amma layihə ərazisində bu proses həddindən çox mürəkkəb olması və incə yanaşma tələb etməsi ilə fərqləndi.
İlk icma üzvləri 315 saylı uşaq bağçasının əhatəsində olan binaların sakinləri oldu. Bəlkə də, onlarla keçirdiyimiz ümumi yığıncağın ilk anlarında hiss etdiyimiz donmuş, inamsız, laqeyd, bəzən də küskün ifadələr problemlərinin çoxluğundan və uzun müddət diqqətdən kənarda qalmalarından irəli gəlmişdi. Nəzərdə tutulan layihə, onun hədəf obyektləri və faydalananları barədə nə qədər məlumat verilsə də, icma üzvlərinin baxışlarında uzun illərin problemlərinin yaratdığı buzu sındırmaq ilk görüşdə mümkün olmadı. Buna baxmayaraq, əhaliyə dəstək göstərməkdə israrlı olan Ümid HSDM-nin əməkdaşları həmin icmanın üzvləri ilə fərdi görüşlər, onların problemlərinə həssaslıq və anlam hiss etdirmək vasitəsilə həmin icma üzvlərinin yenidən bir araya toplamağa, onların xüsusi fəallıq göstərməklə özlərinə İcma Fəaliyyət Qrupu seçməsinə, qrupa “Etimad” adının qoyulmasına, müvəffəq oldu. Bu ad təsadüfi deyildi, səfərbərçilərin icma üzvlərinin qəlblərində yarada bildiyi inam hissinin ilk işartıları idi.
Bəli, icmada getdikcə qarşılıqlı inam və etibar yaranmağa başladı. İFQ üzvləri tez bir zamanda əraziləri üçün əsas prioritetləri müəyyənləşdirdilər. Problemlərdən ən əsası 315 saylı uşaq bağçasının hasarının qənaətbəxş olmayan vəziyyəti idi. Problemin həll ediləcəyinə inandıqlarına görə onlar əməkdaşlarımızın keçirdiyi görüşlərdə, Dəyirmi Masalarda və “İcmanın Səfərbər Olunması” adlı təlimdə iştirak edirdilər.
Artıq inkişaf cığırında olan “Etimad” icmasında adamların düşüncə və yanaşma tərzlərində yeniliklər hiss edilirdi. Onlar artıq icma resurslarının səfərbər olunması və icma resurslarından istifadə yollarını araşdırmağa, layihədə nəzərdə tutulan icma töhfəsini reallaşdırmaq məqsədi ilə könüllü olaraq, ilkin fondun yaranmasına, fiziki əməyin təşkil olunmasına nail olmuşdular.
Hazırda tamamlanmış bağça hasarının ətrafında yarısını icma üzvlərinin becərdiyi ağacların yaz günəşinin həzin nəfəsilə tumurcaqladığının, oraya gələn körpələrin yeni, möhkəm hasarları, səliqəli həyətləri ilə qürrələndiklərinin, ətraf ərazidəki icma üzvlərinin bağçanın kənarında ilk görünən hər bir BP və Ümid HSDM-nin əməkdaşına minnətdarlıq hissi ilə yanaşdığının və abadlaşma işlərinə rəğbətlənərək, hasar boyu yeni istirahət guşəsi yaratmaq təşəbbüslərinin şahidi olduqca daxildən bir pıçıltı gəlir – “Etimad və səmimiyyət bütün müvəffəqiyyətlərin açarıdır”.



