BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | AR Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurası tərəfindən hazırlanmış yeni qanun layihələrinin ictimai müzakirəsi

AR Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurası tərəfindən hazırlanmış yeni qanun layihələrinin ictimai müzakirəsi

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədilə hazırladığı yeni qanun layihələrinin ictimai müzakirəsini davam etdirdi.  22 dekabr, 2011-ci il tarixində, Beynəlxalq Mətbuat Mərkəzində Milli Məclisin deputatları, beynəlxalq təşkilatlar, biznes qurumları, yerli QHT və media təmsilçilərinin iştirakı ilə “Sosial Sifariş haqqında” qanun layihəsi və Korporativ Sosial Məsuliyyət Xartiyası müzakirə edildi. Tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev açdı və qanun layihələrinin ictimai fəaliyyət üçün böyük əhəmiyyət daşıdığını və onların QHT qanunvericiliyinin möhkəmləndirilməsində müsbət rol oynayacağını vurğuladı. 

Sonra qanun layihəsinin işçi qrupunun rəhbəri, Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov “Sosial sifariş haqqında” qanun layihəsi barədə məlumat verdi.

Bunun ardınca Korporativ Sosial Məsuliyyət Xartiyası ilə bağlı işçi qrupunun rəhbəri, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru İsrail İsgəndərov hazırlanan sənəd barədə məlumat verdi. O vurğuladı ki, sənəd hazırlanmazdan öncə bir sıra beynəlxlaq və yerli təşkilatlar, ekspertlərlə müzakirələr aparılıb: “Hazırkı sənədin hazırlanmasında məqsəd Azərbaycanda Korporativ Sosial Məsuliyyətin (KSM) inkişafına, onun əhatə dairəsinin genişləndirilməsinə, bununla da kiçik və orta sahibkarlıq subyektlərini də əhatə etməsinə və dövlət tərəfindən stimullaşdırılmasına təkan verməkdən ibarətdir”. Sonra o, KSM-in missiyası, prinsipləri və səmərəliliyi barədə danışdı. KSM-in iqtisadi və sosial təsirlərinə aydınlıq gətirdi.

Daha sonra, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanun layihələrinin cəmiyyətin inkişafı üçün əhəmiyyətli olduğunu söylədi. Tədbirdə çıxış edən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev yeni layihələri gələcəyə ünvanlanan sənəd kimi dəyərləndirdi, onun perspektivləri barədə danışdı. Millət vəkili Əli Məsimli, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu, "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda "İctimai Birliyin sədri Lyudmila Xəlilova, İCNL-in nümayəndəsi Məhəmməd Quluzadə, “Region” Beynəlxalq Analitik Mərkəzi (RBAM) İdarə heyətinin sədri Razi Nurullayev, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov və digər QHT təmsilçiləri çıxış etdilər və hər iki sənədə dair rəy və təkliflərini bildirdilər. 

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev işçi qrupuna bütün səslənən fikirləri dəyərləndirməyi və müvafiq olanların nəzərə alınmasını tövsiyə etdi.