Daha bir Süd Toplama Məntəqəsi reallaşdı
“Süd və Süd Məhsulları İstehsalçılarına İcma Əsaslı Dəstək” layihəsi çərçivəsində
daha bir “Süd Toplama Məntəqəsi” reallaşdı
8 iyul, 2011-ci il tarixdə Yevlax rayon Nemətabad icmasında “Süd Toplama Məntəqəsinin Qurulması” mikrolayihəsinin açılış mərasimi keçirildi. “Süd Toplama Məntəqəsinin Qurulması” mikrolayihəsi USAİD, BP və onun tərəfdaşlarının maliyyə dəstəyi ilə “Süd və Süd Məhsulları İstehsalçılarına İcma Əsaslı Dəstək” layihəsi çərçivəsində həyata keçirilmişdir. Həyata keçirilmiş layihə nəticəsində müasir standartlara cavab verən qurğu və avadanlıqlarla təchiz olunmuş STM-i qurulmuş, ətraf mühitə mənfi təsirlərin azaldılması üçün TSTS (Tullantı Sularının Təmizlənməsi Sistemi) yaradılmış, mühafizə çəpəri çəkilmiş və yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir.
Tədbirdə 65 nəfərdən çox icma üzvü (35 nəfəri qadın) və qonaqlar iştirak edirdi. Tədbiri giriş sözü ilə Nemətabad İcma lideri Soniya Ridvanova açdı və İcma üzvlərini layihənin açılışı münasibətilə təbrik etdi, icma adından USAİD, BP və onun tərəfdaşları, RİH, Ümid SİD və layihənin həyata keçirilməsində dəstək vermiş bütün qurum və şəxslərə oz minnətdarlığını bildirdi.
Açılışda Ümid SİD-in İcraçı Direktoru İsrail İsgəndərov, USAİD-nin məsul nümayəndəsi Samir Həmidov, BP-nin İƏÜM şəxsi İlham Əliyev, Yevlax RİH-nin nümayəndəsi Sahib Abbasov, USAİD-nin Azərbaycanda Rəqabətlilik və Ticarət layihəsinin əməkdaşı Elnur Sofiyev və icma üzvləri çıxış edərək, qurulan STM-nin Nemətabad və qonşu icmalar üçün boyük əhəmiyyəti olduğunu, yeni iş yerlərinin yaranmasına, süd istehsalçılarının istehsal etdikləri südü əlavə vaxt və vəsait sərf etmədən müntəzəm olaraq satmağa, daha çox gəlir əldə etməyə, xüsusilə qadınların əməyinin yüngülləşdirməyə imkan verəcəyini vurğuladılar.
“Süd və Süd Məhsulları İstehsalçılarına İcma Əsaslı Dəstək” layihəsi çərçivəsində təşkil olunan təlimlər və verilən məsləhətlər süd istehsalçılarının bu sahədə bacarıqlarını artırmış, Dəstək Mərkəzləri ilə keçirilmiş görüşlər əməkdaşlıq imkanlarını daha da genişləndirmişdir.
Layihədən 1500 nəfərdən çox icma üzvünün birbaşa faydalanacağı gözlənilir. Layihənin icrası üçün cəmi 22 441,10 AzN xərclənmişdir. Bu vəsaitin 22 028,00 AzN donor, 413,10 AzN icma tərəfindən ödənilmişdir.



